logo
logo

Copyright © 2022 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Fikrət Yusifov: “İranın nüvə silahına sahib olmasına artıq sayılı həftələr qalıb”

Fikrət Yusifov: “İranın nüvə silahına sahib olmasına artıq sayılı həftələr qalıb”

11/11/2021

4 dəq. oxu

İsrailin Baş Qərargah rəisi Aviv Koxavi İrana qarşı mümkün hərbi əməliyyatlar barədə açıqlama verib. O, ölkə parlamentinin xarici əlaqələr komitəsindəki çıxışı zamanı İranın nüvə təhdidinə diqqət çəkərək bu ölkəyə qarşı planlaşdırılan hərbi əməliyyatlar və hazırlıq işlərindən danışıb.
“Ordu hərbi nüvə təhdidi olan İrana qarşı mübarizə üçün əməliyyat planlama və hazırlıq işlərini sürətləndirir”, - deyə Baş Qərargah rəisi bəyan edib. O, bu məqsədlə büdcədən ayrılan vəsaitlərin kifayət etdiyini bildirib.

Bu müharibə baş versə:
Nəticəsi necə olar? İran asanlıqla məğlub edilərmi?
İsraili İrana qarşı müharibədə hansı dövlətlər dəstəkləyər?
Azərbaycanın və Türkiyənin mövqeyi nə olar?
Müharibə Azərbaycan üçün hansı nəticələri və perspektivləri doğurar?
Regionun ən iri neft-qaz ölkəsinə müharibə elan olunması karbohidrogen resurslarının qiymətinə və ümumilikdə neftin dünya bazar qiymətinə nə kimi təsir göstərər?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov məsələnin həm də siyasi tərəflərinə diqqət ayırdı: “İsrail-İran münasibətləri son aylar ərzində getdikcə daha da gərginləşir. Buna səbəb nüvə sazişindən çıxan İranın sürətlə özünün nüvə silahını hazırlamasıdır. Analitiklərin söylədiklərinə görə, İranın nüvə silahına sahib olmasına artıq sayılı həftələr qalıb. Bütün dünya üçün qapalı olan və beynəlxalq qaydaları pozmaqda ”məharəti" ilə seçilən İran rejiminin nüvə silahına sahiblənməsi bölgədə ciddi narahatlıqlara səbəb olacaqdır. Bugünkü rejim şah devrildikdən sonra hakimiyyətə gəlmiş və İsraili kiçik, Amerika Birləşmiş Ştatlarını böyük “şeytan” adlandırmış Ayətullah Xamneyi bu iki ölkəyə qarşı yaratdığı düşmənçilik mövqeyindən əl çəkmək fikrində deyil. ABŞ və İsrail İranın nüvə silahı əldə etdikdən sonra regionda özünü necə aparacağından çox narahatdır. Hər iki ölkə İrana və onun nüvə proqramına qarşı eyni müstəvidən çıxış etsələr də, İsrail bir qayda olaraq ABŞ-ı bununla bağlı ləng tərpənməkdə tənqid edir. Lakin reallıq ondan ibarətdir ki, ABŞ-ın yeni administrasiyası İranı nüvə sazişinə yenidən qaytarmaq üçün mümkün olan bütün addımları atır. İran isə bu danışıqları bərpa etməyə tələsmir və mümkün qədər vaxt udmağa çalışır. İran nə üçün tələsmir? Cavab sadədir. O, nüvə silahına sahib olmaq və bunu bəyan etmək üçün vaxt udmağa çalışır, Birləşmiş Ştatların rəhbərliyi isə İranın bu addımlarının kökündə nəyin dayandığını yaxşı başa düşür. Elə bu səbəbdən də İranın nüvə proqramının reallaşdırılmasına qarşı ləng addımlar atmaqda İsrail tərəfindən günahlandırılan ABŞ, ötən aylar ərzində Hind okeanında, İranın sərhədlərinə ən yaxın Böyük Britaniya ərazisi hesab olunan Dieqo-Qarsiya adasına özünün B-1B Lancer strateji bombardumançı hərbi uçaqlar qrupunu göndərib. Bu uçaqlar müxtəlif vaxtlarda İsrailin, Misirin, İordaniyanın, Səudiyyə Ərəbistanının və Bəhreynin hərbi uçaqlarının müşayəti ilə İranın sərhədləri üzərində və ona qonşu olan ölkələrin üzərindən uçuşlar həyata keçirərək, İrana ciddi mesajlar ötürüb. Və yalnız bundan sonra İran nüvə sazişinin bərpa edilməsi üzrə danışıqlara qoşulmağa razılıq verib. Güc növbəti dəfə öz işini görüb. Lakin İran yenə də bu danışıqların vaxtını mümkün qədər uzatmaq üçün onun noyabr ayının 29-da keçirilməsini istəyib. Amerika Birləşmiş Ştatlarının rəhbərliyi bu tarixdə İranın hər hansı bir “oyun” çıxarmayacağından əmin deyil və bu səbəbdən də İran rəhbərliyinə bununla bağlı ciddi xəbərdarlıq ediblər. Əgər İran rəhbərliyi həmin tarixə ortaya hər hansı bir bəhanə atarsa və bununla da danışıqların vaxtının yenidən uzadılması istənilərsə, bu halda heç şübhəsiz Birləşmiş Ştatlar administrasiyasının səbri tükənəcək və İrana qarşı yeni sanksiyalarla yanaşı, hərbi müdaxilə də qaçılmaz olacaqdır. Bu vəziyyəti artıq çoxdandır gözləyən və İrana qarşı hərbi hazırlıqlarını tamamlamış İsrail isə tam gücü ilə hərbi əməliyyatlara start verəcəkdir".

F.Yusifov düşünür ki, İsrailin İranın nüvə silahına qarşı bu qədər aqressiv bir mövqedən çıxış etməsinin kökündə İranın Şah hakimiyyətindən sonra bu ölkəyə sərgilədiyi açıq düşmənçilik mövqeyi dayanır: “İran hətta Tehranın mərkəzindəki Fələstin meydanında İsrailin məhvi üçün qalan vaxtı günlərlə sayıb göstərən böyük elektron tablo düzəldib, İran əhalisinə və bütün dünyaya nümayiş etdiririrlər ki, İsrailin məhvinə neçə gün qalıb. İranın ali dini lideri Ayətullah Əli Xamneyinin sözlərinə görə, ”2040-cı ilə qədər dünya xəritəsində İsrail olmayacaq". Bu qədər məkrli və paslanmış orta əsr təfəkkürü ilə idarə olunan bir dövlətin nüvə silahına malik olması tək İsrail və bölgə ölkələri üçün deyil, bütün dünya üçün bir təhlükədir. Ona görə də dünya birliyi, başda ABŞ, Avropa İttifaqı və onların müttəfiqləri olmaqla, öz sözünü vaxtında deməlidir. Düşünürəm ki, bəlkə də artıq gecdir və İranın özünü nüvə dövləti elan etməsinə sayılı günlər qalır. Bu səbəbdən də bölgədə böyük bir müharibə qaçılmazdır. İran siyasət meydanında sözünü tutmayan, yalançı bir dövlət imici qazanıb. ABŞ-ın İranı bu ilin noyabr ayının 29-na təyin edilmiş nüvə danışıqları üçün hər hansı bir “oyun” çıxartmağa cəhd etməməsi ilə bağlı xəbərdarlığı da bu dediklərimizin təsdiqidir. Normal dövlətə, onun razılıq verdiyi bir məsələ üzərindən heç vaxt belə xəbərdarlıq edilməz. Beləliklə, bütün ehtimallarla müharibə qaçılmazdır. Bu müharibə bir dövlətin İrana qarşı müharibəsi olmayacaq. Bu, Amerika Birləşmiş Ştatları, onun əsas hərbi güc olduğu NATO, rəsmi Tehrana qarşı amansız və haqlı olaraq aqressiv münasibəti ilə seçilən İsrailin İrana qarşı birgə hərbi əməliyyatları olacaqdır. Bu müharibə ilk növbədə qonşu ölkələrdə humanitar fəlakətə gətirib çıxaracaq. İran əhalisinin sayı orta hesabla 85 milyon nəfər ətrafındadır. Hazırda İran sanksiyalar səbəbindən bir dövlət kimi olduqca çətin iqtisadi və maliyyə durumundadır. İş o yerə çatıb ki, ABŞ-la olan gərgin münasibətlərə baxmayaraq, İran rəhbərliyi bu yaxınlarda Birləşmiş Ştatların administrasiyasına ölkəsinin vaxtilə bank hesablarında dondurulmuş pullarından 10 milyard dolların qaytarılmasını xahiş edib. Bu gün müharibəsiz İranda insanlar böyük bir səfalət içərisində yaşayırlar və ölkədən çıxıb gedə bilməyin ilk fürsətini həsrətlə gözləyirlər. Müharibə bu əhalinin yalnız 10%-nin ölkəni qaçqın kimi tərk etməsinə səbəb olarsa (bu, ən minimal ölçüdür, bu rəqəm iki dəfə çox da ola bilər), bu, orta hesabla 10 milyondan çox insanın qaçqın kimi, ilk növbədə qonşu ölkələrə keçməsi demək olacaqdır. Nəzərə alaq ki, İran əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləridir və elə bu səbəbdən onların əksəriyyətinin ilk seçiminin Azərbaycan olacağı şübhəsizdir. Bunun nə demək olduğunu anlamaq gərəkdir! Sonda. İranda haqqında danışdığımız və artıq real görünən müharibə başlayarsa, o, keçmiş Yuqoslaviya ssenarisi üzrə ölkənin ərazisində bir neçə dövlətin yaranması ilə yekunlaşacaq..."