logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

İcra hakimiyyətlərində tenderlər MMC-lərin arasında "ötür-ötür" vasitəsinə çevrilib...

İcra hakimiyyətlərində tenderlər MMC-lərin arasında "ötür-ötür" vasitəsinə çevrilib...

05/06/2025

6 dəq. oxu

Fikrət Yusifov: "Belə şirkətlərin fəaliyyətinin əsasında iş görmək deyil, dəllallıq dayanır"

"Tender kralı" kimi tanınan "Xezer-Construction" şirkəti "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin daha iki satınalma müsabiqəsinin qalibi olub. Tenderlərdən biri Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlıdır. Bu tender üzrə satnalma müqaviləsinin maliyyə dəyəri 28 171 675,49 manatdır.

Didər müsabiqə isə Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üçün keçirilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri isə 22 009 669,5 manatdır.

Beləliklə, "Xezer-Construction" şirkəti bu dəfə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-dən 50 181 344,99 manatlıq sifariş alıb.

Ötən ay şirkət MMC-nin Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilmişdi. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 2 525 226,1 manat olub.

2023-cü ilin sentyabr ayında Salyan Rayon İcra Hakimiyyətinin elan etdiyi Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmir işləri ilə bağlı 508 004 manatlıq tenderin qalibi də “Xezer Construction” MMC olunub.

Elə həmin ilin avqust ayında Lənkəran Şəhəri İcra Hakimiyyəti tərəfindən elan olunan Lənkəran şəhər və rayon məhəlli ərazilərdə aparılacaq bir sıra işlərin satınalınması (büdcə vəsaiti) tenderinin (dəyəri 729 426 manat) də qalibi «Xezer Construction" MMC olub.

Yenə 2023-cü ilin aclvqust ayında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri Üzrə Nümayəndəliyi “Xezer Construction” MMC ilə xəyəri 1.261.045 manat olan müqavilə bağlayıb. Müqavilədə Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması nəzərdə tutulur.

Ötən ilin avqust ayında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC "Xezer-Construction" MMC ilə satınalma müqaviləsi bağlayıb. "Xezer-Construction" MMC Mərkəzi Nəbatat Bağının abadlaşdırılması işlərinin davam etdirilməsi ilə bağlı tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 6 443 053,43 manatdır.

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin rəhbəri Abit Əliyevdir. Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı hesab edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-dur. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

Maraqlıdır, belə tenderlərin aparılmasına həmişə cəmiyyətdə qeyri-şəffaf, şübhələr doğuran məsələlər kimi baxılır. Həm də bu kimi işlər niyə əldən-ələ ötürülərək həyata keçirilir? Bir MMC ötürür o birinə, bəzən ikinci MMC üçuncüyə ötürur. "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC özü bunu həyata keçirə bilməzmi? Hələ bəlkə də "Xezer-Construction" MMC da hansısa işləri kiməsə ötürüb.

Baki-xeber.com saytının sualını cavablandıran iqtisadçı ekspert Fikrət Yusifov bildirdi ki, son illərdə Azərbaycanda tenderlərin keçirilməsində şəffaflığın yaradılması istiqamətində nə qədər işlər görülsə də, mövcud olan reallıqlar bizə əsas verir deyək ki, bu sahədə hələ çox boşluqlar mövcuddur: "Bir para məmurlar isə bu boşluqlardan məharətlə istifadə edib, "qaz vurub qazan doldururlar".

Biz son zamanlar dövlət vəsaiti hesabına maliyyələşəcək tenderlərdə təcrübəsi olmayan, yenicə qeydiyyatdan keçmiş və nizamnamə kapitalı iddialı olduğu layihənin dəyərindən yüz dəfələrlə az olan şirkətlərin tenderlərdə “qalib” elan edildiyinin şahidi oluruq. Belə şirkətlər bir qayda olaraq məmur himayəsində fəaliyyət göstərir və onlar, demək olar ki, qalib gəldikləri tenderlərin icrası ilə birbaşa məşğul olmurlar. Yəni qalib gəldikləri tender üzrə nəzərdə tutulan işləri az-çox peşəkar fəaliyyəti olan digər şirkətlərə ötürürlər. Bu ötür-ötür oyununda ən çox da qazanan əlini ağdan-qaraya vurmayan həmin o “qalib” şirkətlər olur. Bir sözlə, belə şirkətlərin fəaliyyətinin əsasında iş görmək deyil, dəllallıq dayanır. Belə şirkətlər nəticə etibarilə dəyəri 1 manata olan işi digər şirkətlərə 5 manata gördürməklə dövlət pullarını talayırlar.

Bu neqativlərin kökünü kəsməyin əsas yolu tenderləri keçirməyin daha münasib yollarını axtarıb tapmaqdan keçir".

Fikrimizcə, bu məsələnin kökü Maliyyə Nazirliyində büdcənin ilkin formalaşması prosesinə gedib çıxır. Çünki Maliyyə Nazirliyi dövlət büdcəsinin ilkin formalaşmasını hansı əsaslarla aparır, bu indiyə qədər vətəndaş cəmiyyətinə aydın deyil.

Dünya təcrübəsinə müraciət etsək, normal ölkələrdə hər bir nazirlik, komitə və dövlət büdcəsinin vəsaitinə ehtiyaci olan digər dövlət qurumu tələb olunan vəsaitin həcmini və onun xərclənəcəyi layihələri maliyyə nazirliyinə əsaslandıraraq göndərməlidir. Nazirlik həmin layihələrin vacibliyini nəzərə alaraq uyğun büdcə tərtib etməlidir. Büdcə layihəsi parlamentə təqdim edildikdən sonra isə cari xərclərdən başqa bütün digər xərcləri dövlət qurumları parlamentdə əsaslandırmalıdır, parlamenti inandırmalıdır ki, bu vacib layihədir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi əsaslandırmalıdır ki, ona doğrudan da 1,2 milyard manat vəsait lazımdir. Nazirliyin əməkdası və ya nazir özü deputatları inandırmalıdur ki, ona bu qədər vəsait lazımdır və bu vəsaitlərlə hansı hədəflərə nail olacağını ortaya qoymalıdır. Azərbaycanda məhz bu çatışmır. Həmin əsaslandırma zamanı deputat mediada gedən araşdırmaları gösrərərək nazirə deyə bilər ki, siz vəsaitləri sub-icarə metodu ilə talan edirsiniz. Amma bizim deputatlar büdcə vəsaitini müxtəlif yollarla israf edən dövlət idarələrinin rəhbərlərini büdcə müzakirəsi zamanı görmürlər. Yalnız maliyyə naziri və nazirliyin digər əməkdaşları bu prosesdə iştirak edir. Həmin əməkdaşlar isə o suallara cavab vermək iqtidarında və ya səlahiyyətində deyillər. Büdcə muzakirəsi zamanı xərclərin əsaslandırılması və ötənilki büdcənin icrasının müqayisəli təhlili aparılsa, büdcə xərclərinin səmərəliliyi ildən-ilə optimallaşar.

Hazırda dövlət büdcəsinin cari xərclərindən başqa bütün xərclər bir neçə şirkətin sub-icarəsindən keçərək xərclənir. Vəsait həqiqi icraçıya çatana qədər ayrılan xərc yarıbayarı azalır. Azalan hissəni isə büdcənin korrupsiyanın yemi olan payı kimi qiymətləndurmək olar.

Akif NƏSİRLİ

Original mənbə