XƏBƏRLƏR
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) hazırkı sədri olan Azərbaycan Hindistanın 2026-cı ildə foruma ev sahibliyi etmək xahişini dəstəkləyib. Son on ildə foruma ənənəvi olaraq Çin sədrlik edir. “Economic Times”ın öyrəndiyi kimi, Bakı hazırkı sədr kimi Hindistan üçün bir ilk olan foruma ev sahibliyi etmək istəyində bu ölkəni dəstəkləməyə razılaşıb.
Hindistan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Hindistan Dünya İşləri Şurasının (ICWA) himayəsi altında foruma ev sahibliyi edəcək.
AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.
Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş “Almatı Aktı”dır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası və Xarici İşlər Nazirləri Şurasıdır.
AQEM Nazirlər Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə 2024-2026-cı illər üzrə Müşavirəyə sədrlik ölkəmizə keçib. AQEM-ə sədrlik çərçivəsində AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Yada salaq ki, ötən ay Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən blokladığı haqda xəbər yayılmışdı.
Bildirilirdi ki, Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycanın ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlama vermişdi. Mənbələrin fikrincə, Hindistanın bu addımı Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma XİN vəd vermişdi ki, Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq. Amma belə görünür ki, diplomatik düşərgələrdə hansısa qarşılıqlı təmaslar var.
Hindistan 44 günlük müharibədən sonra Ermənistana raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə sursat və artilleriya mərmilərini idxal etdiyi üçün Bakı ilə münasibətləri korlayıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün Pakistanla qardaşlıq münasibətləri hər şeydən üstündür. Bəs Bakının bu jestini necə qiymətləndirmək olar, pərdəarxası hansısa danışıqlar ehtimalı varmı?
Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, son illər ərzində Azərbaycanın beynəlxalq siyasi müstəvidə atdığı addımlar ona böyük uğur qazandırıb: “Diplomatiyamızın uğurları getdikcə daha da böyüyür. Baxın, bu gün Azərbaycan dünyanın iki nəhəngi - ABŞ və Çinlə hansı münasibətlər qurub və onları necə inkişaf etdirir? Avropa İttifaqı 44 günlük müharibə və bir günlük antiterror əməliyyatından sonra başda Fransa olmaqla, Azərbaycana qarşı basqılar etməyə qalxsa da, sonda Azərbaycan diplomatiyasının uğurları qarşısında geriyə addım atmaq məcburiyyətində qaldı. Bu gün Azərbaycanın Hindistanla münasibətlərində müsbət hər hansı məqamlar qeydə alınırsa, bu o deməkdir ki, Azərbaycan özünün xarici siyasət strategiyasına sadiqdir və o, hər bir ölkə ilə normal, sağlam əməkdaşlığa söykənən münasibətlər qurmaq yolundadır. Hindistanla Azərbaycan arasında yaranmış gərginliyin kökləri bəllidir. Ortada qardaş Pakistan amili var. Ancaq bu o demək deyil ki, biz Hindistanla düşmən münasibətdə qalmalı və onu davam etdirməliyik. Dünyanın düzəni indi əsaslı şəkildə dəyişir. Yaxın Şərqdə ABŞ başda olmaqla, sülhün yaradılması istiqamətində dünya gücləri tərəfindən atılan addımlar dünya düzəninin dəyişməsinin bir nümunəsidir. Yeni reallıqlar dövlətləri münaqişələrə, düşmənçiliyə deyil, sülhə, əməkdaşlığa çağırır. Azərbaycan da məhz bu prizmadan çıxış edir. Əgər biz otuz il torpaqlarımızı işğal altında saxlayan Ermənistanla sülhə gələ biliriksə, nədən Hindistanla sağlam münasibətlər yaratmaq haqqında düşünməyək? Odur ki, bu yolda atdığımız addımları müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu gün iqtisadiyyatı üstün sürətlə inkişaf edən Asiya qitəsinin sayılı dövlətlərindən biri olan Hindistanla münasibətlərin normallaşdırılması hər iki tərəfə fayda gətirəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”