XƏBƏRLƏR
Azad sahibkarlıq və liberal iqtisadiyyat. Sovet İttifaqı dağılandan, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bu, ən mühüm mövzulardan biridir. Azərbaycan iqtisadiyyatı liberaldırmı? Ölkəmizdə azad sahibkarlığın inkişafı üçün hüquqi baza yetərincədirmi? İqtisadi mühit nə dərəcədə əlverişlidir? Ölkədə liberal iqtisadiyyata hansı əsas maneələr mövcuddur? Dövlətin bazar iqtisadiyyatına müdaxiləsinin azaldılması üçün struktur islahatlara ehtiyac varmı? Azad sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədən hansı nümunələr götürülə bilər? Azad sahibkarlıq özündə nələri etiva edir?
Medianews.az saytı bu suallarla sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifova müraciət edib.
F.Yusifov bildirib ki, XX əsrdə yaranmış sosialist ölkələrində iqtisadiyyatın planlı sistem əsasında qurulub idarə edilməsi sondan bu ölkələrin iqtisadi durumunda ciddi problemlər yaratdı: “Bu sırada yalnız bir ölkə - Çin Xalq Respublikası sosializm qurluşunu “qoruyub saxlayaraq” ölkəsini tədricən bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmətyə üz tutdu. Liberal iqtisadiyyata söykənən bu yolla Çin bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə, real iqtisadi gücünə görə isə birincisinə çevrildi. Azad sahibkarlığın mövcud olduğu ölkələrdə iqtisadiyyatda yalnız uğur qazanmaq mümkündür. Bu artıq dünyanın keçdiyi elə bir yoldur ki, onun hər hansı bir düzəlişə ehtiyacı yoxdur. Bu yolu öz iqtisadiyyatının əsasına qoyan ölkə bütün risklərdən sığortalanmış olur. Lakin gərəkdir ki, hökumətlər bu yolun rəvan olmasını təmin etsinlər. Yəni bu yolu seçmək hələ hər şey demək deyil. Seçilmiş bu yolda o halda uğur qazanmaq mümkündür ki, ölkədə sahibkarın qarşısında hər hansı bir əngəl dayanmasın”.
F.Yusifov qeyd edib ki, postsovet ölkələrinin otuz ildən çox seçdikləri liberal iqtisadiyyat yolunda onların qazandıqları uğurları nə Çinin, nə Sinqapurun, nə də Asiyanın cənub-şərqində yerləşən və sürətlə inkişaf edən ölkələrlə müqaisə etmək mümkündür: “Sual olunur nədən? Bu sualın cavabı çox sadədir. Çünki bu ölkələr liberal iqtisadiyyat yolunu seçsələr də, sahibkarların azad və sərbəst fəaliyyətini tam təmin edə bilmədilər. Baltikyanı ölkələr xaric digər bütün postsovet ölkələrində bu gün biznes özünü tam sərbəst hiss edə bilmir. Çünki bu ölkələrdə biznesə məmurların və hüquq mühafizə orqanlarının əsassız müdaxilələri baş verir və bu ölkələrdə məhkəmə sistemi də biznesin güvənini tam qazana bilməyib.
Bütün bu dediklərimizin olduğu yerdə həm yerli sahibkarların və həm də xarici investorın fəaliyyəti çətinləşir. Biznes azad və sərbəst olmasa, inkişaf edə bilməz. İstənilən investor bir ölkədə yatrım etməzdən öncə oradakı biznes mühitini tam olaraq araşdırır və sonra yatrım edib-etməyəcəyinə qərar verir. Ən böyük gerçək də budur”.
Azərbaycanda biznes mühitinin münbitliyini təmin edən hüquqi bazanın yaradıldığını söyləyən F.Yusifov əlavə edib: “Lakin nə qədər acı olsa da, deməliyik ki, bu günə qədər biz biznesin toxunulmazlığını ali səviyyədə təmin edə bilmirik. Təəssüflər olsun ki, biznesə məmurların, hüquq mühafizə orqanlarının müdaxiləsinə tez-tez rast gəlinir, sahibkarlar heç də həmişə öz hüquqlarının məhkəmə müstəvisində ədalətli həllinə nail ola bilmirlər və s. Bütün bunlar onu göstərir ki, ölkədə daha ciddi iqtisadi və hüquqi islahatlar qaçılmazdır”.
Nailə Qasımova